Bakıda təlim-məşq toplanışında olan qadınlardan ibarət Azərbaycan millisi bu gün yoxlama oyunu keçirib. Arena.az xəbər verir ki, millimiz Birləşmiş Ərəb Əmirliklərinin yığma komandası ilə qarşılaşıb.
“Dalğa Arena”da baş tutan oyun Azərbaycan millisi üçün uğurlu alınıb. Komandamız 4:0 hesablı qələbə qazanıb. Peritan Bozdağın dubl etdiyi oyunda komandamızın digər qollarını penaltidən Kristina Bakaranadze və Vüsalə Seyfəddinova vurub.
Bu komandalar arasında fevralın 23-də daha bir oyun keçiriləcək.
Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov matçdan sonra fikirlərini bölüşüb. O, AFFA-nın rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Aprel ayında Bosniya və Herseqovina və Danimarkaya qarşı iki vacib oyunumuz var. UEFA-nın ayırdığı pəncərədən istifadə edərək iki yoxlama oyunu keçirmək istədik. Oyun təcrübəsi qazanmaq baxımından bu oyunlar əhəmiyyət kəsb edir. Məqsədimiz rəsmi oyunlaradək tam hazır olmaqdır.
Bir həftədən çoxdur təlim-məşq toplanışına başlamışıq. Sevindirici haldır ki, milli üzvləri öz komandalarının heyətlərində mütəmadi oynayırlar, oyun təcrübəsi qazanırlar. Düşünürəm ki, bu oyunlar qarşıdakı rəsmi qarşılaşmalarda bizə çox kömək edəcək”.


