Anxel Di Mariya PSJ-dən ayrıldı

PSJ-nin yarımmüdafiəçisi Anxel di Mariya Fransa klubunda ayrılıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

34 yaşlı yarımmüdafiəçi ilə yolların ayrıldığı diqqətə çatdırılıb. Argentinalı oyunçunun bu klubda keçirdiyi 7 mövsüm ərzində 18 titula sahib çıxdığı vurğulanıb. Di Mariya həm də PSJ-nin tarixinə ən çox qol ötürməsi verən futbolçu kimi düşüb.

Xatırladaq ki, Anxel Di Mariya 2015-ci ildən PSJ-də oynayırdı. O, bu müddət ərzində ümumilikdə 294 oyunda 91 qol vurub. Yarımmüdafiəçi 111 dəfə də qol ötürməsi ilə diqqət mərkəzinə düşüb. Di Mariya 2021-ci ilin 19 mayında Fransa kubokunun finalında “Monako”ya 2:0 hesabıyla qalib gəldikləri matçda 104-cü məhsuldar ötürməsini etməklə klub tarixinin rekorduna imza atmışdı. Ona qədərki rekord Seyf Syusikə (103 qol ötürməsi) məxsus idi.

Argentinalı futbolçunun PSJ-də qazandığı titulların da siyahısını təqdim edirik:

5 dəfə Fransa çempionu (2016, 2018, 2019, 2020, 2022)
5 dəfə Fransa Kubokunun qalibi (2016, 2017, 2018, 2020, 2021)
4 dəfə Fransa Liqa Kubokunun qalibi (2016, 2017, 2018, 2020)
4 dəfə Çempionlar Kubokunun qalibi (2016, 2018, 2019, 2020)

Sonda onu da qeyd edək ki, Anxel Di Mariyanın karyerasını İtaliyanın “Yuventus” klubunda davam etdirməsi gözlənilir. O, PSJ-dən azad agent kimi ayrıldığı üçün, Turin təmsilçisi yarımmüdafiəçini heyətinə pulsuz qatmaq imkanı əldə edib. Hazırda tərəflər arasında danışıqlar davam edir. Yaxın günlərdə bu məsələyə tam aydınlıq gəlməsi gözlənilir. Təcrübəli futbolçu PSJ-dən öncə “Mançester Yunayted”, “Real”, “Benfika” və “Rosario Sentral” kimi klublarda da çıxış edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: