Türkiyənin “Sivasspor” klubu baş məşqçi Rıza Çalımbay ilə müqavilənin müddətini uzadıb. Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
59 yaşlı mütəxəss daha bir il bu komandanı çalışdırmağa davam edəcək. Tərəflərin sabah təşkil olunacaq tədbirdə rəsmi müqaviləyə imza atacaqları diqqətə çatdırılıb.
Xatırladaq ki, Rıza Çalımbay 2019-cu ilin iyunundan “Sivasspor”a rəhbərlik edir. Sivas təmsilçisi bu müddət ərzində onun rəhbərliyi altında 140 matça çıxıb. Bu görüşlərdə 62 qələbə qazanan sivaslılar, 42 heç-heçəyə razılaşıblar, 36 dəfə məğlubiyyətə üzülüblər.
Xatırladaq ki, “Sivasspor” bu mövsüm Çalımbayın rəhbərliyi altında tarixində ilk dəfə Türkiyə kubokunun qalibi olub. Bu, elə təcrübəli mütəxəssisin də ilk uğuru kimi tarixə düşüb.
“Sivasspor” yeni mövsüm üçün ilk transferini də rəsmiləşdirib. Sözügedən klub “Göztəpə”nin sağ cinah müdafiəçisi Murat Palulini transfer edib. 27 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Super Liqa təmsilçisi öz oyunçularından Uğur Çiftçi ilə də yeni müqavilə bağlayıb. 30 yaşlı sol cinah müdafiəçisinin müqaviləsinin bitiminə hələ 1 il qalsa da, bu gün onunla 4 illik yeni sözləşmə imzalanıb.


