Məhəmməd Salah “Liverpul”la yeni müqavilə bağladı

İngiltərənin “Liverpul” klubu hücumçusu Məhəmməd Salah ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin rəsmi saytı məlumat yayıb.

30 yaşlı futbolçu ilə müqavilənin müddəti 2025-ci ilin yayına qədər atırılıb. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti 2023-cü ilin yayında bitəcəkdi.

İngiltərə mətbuatının yazdığına görə, Salah yeni müqavilə ilə həm də “Liverpul”un ən çox qazanan futbolçusuna çevrilib. Belə ki, misirli forvardın bundan sonra ilinə 21 milyon avro qazanacağı bildirilir.

Xatırladaq ki, Məhəmməd Salah 2017-ci ildən “Liverpul”da çıxış edir. O, bu komandanın heyətində keçirdiyi 5 mövsüm ərzində 254 matça çıxıb, 156 qola imza atıb.

Misirli forvard İngiltərə klubunun heyətində bir neçə titula yiyələnib. Həmin titulların siyahısını təqdim edirik:

İngiltərə Premyer Liqasının qalibi: 2019/20
İngiltərə Federasiya Kubokunun qalibi: 2021/22
İngiltərə Liqa Kubokunun qalibi: 2021/22
UEFA Çempionlar Liqasının qalibi: 2018/19
UEFA Super Kubokunun qalibi: 2019
FİFA Klublararası Dünya Çempionatının qalibi: 2019

Salah “Liverpul”dan öncə İtaliyada “Roma” və “Fiorentina”, İngiltərədə “Çelsi”, İsveçrədə “Bazel” klublarının da formasını geyinib. O, Misir yığmasında 85 oyuna 47 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: