PSJ Poçettinonu istefaya göndərdi, yeni baş məşqçisini açıqladı

Fransa çempionu PSJ baş məşqçi postunda dəyişiklik edib. Arena.az xəbər verir ki, Paris təmsilçisi baş məşqçisi Maurisio Poçettinonu istefaya göndərib.

Bu barədə klubun saytı məlumat yayıb. Argentinalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Onun klubla 2023-cü ilin yayına qədər müqaviləsi vardı.

Xatırladaq ki, Maurisio Poçettino 2021-ci ilin yanvarından Paris təmsilçisini çalışdırırdı. Parislilər ötən ilin iyulunda argentinalı ilə 2 illik yeni müqavilə də bağlamışdılar. Fransa nəhəngi bu məşqçinin rəhbərliyi altında 84 oyuna çıxıb. Komanda bu oyunlarda 55 qələbə qazanıb, 15 heç-heçə edib, 14 məğlubiyyətə üzülüb.

Paris klubu Poçettinonu rəhbərliyi altında komanda Fransa Kubokunu (2020/21) və Super Kubokunu (2020) qazanıb, eyni zamanda geridə qalan mövsümdə tarixində 10-cu dəfə ölkə çempionu olub.

Maurisio Poçettino daha öncə İspaniyada “Espanyol”, İngiltərədə isə “Sauthempton” və “Tottenhem” klublarında baş məşqçi işləyib.

PSJ-nin yeni baş məşqçisi də məlumdur. Paris təmsilçisini bundan sonra Kristof Qaltye çalışdıracaq. Klubdan verilən məlumata görə, 55 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Kristof Qaltye son olaraq “Nista”ya rəhbərlik edib. O, 2021-ci ilin iyunundan bu komandanı çalışdırırdı. Nitsalılar 55 yaşlı mütəxəssisin rəhbərliyi altında 43 matça çıxıb. Bu görüşlərdə 23 qələbə qazanmış komanda, 8 heç-heçə edib, 12 məğlubiyyətə üzülüb. Fransalı mütəxəssis daha öncə “Sent-Etyen”lə “Lill”ə də rəhbərlik edib. O, 2020/21 mövsümündə “Lill”i Fransa çempionu edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: