Türkiyənin “Ankaragücü” klubu heyətini yeni futbolçularla gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi qambiyalı hücumçu Ali Sou və braziliyalı sol cinah müdafiəçisi Marlon Xavyeri transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ali Sou Rusiyanın “Rostov” klubundan icarəyə götürülüb. 28 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna kimi Türkiyə klubunda icarədə oynayacaq.
Kayrerasına İtaliyanın “Kyevo” klubunda başlayan Sou, sonralar “Yuve Stabia”, “Peskara”, “Latina”, “Modena”, “Leççe”, “Prato”, “Viboneze”, “Skenderbeu” və ÇSKA (Sofiya) kimi komandalarda da forma geyinib. Qambiyalı futbolçu 2021-ci ildən “Rostov”da forma geyinirdi. Forvard Qambiya yığmasında da 5 oyuna çıxıb. O, ötən mövsüm Rusiya Premyer Liqasında 18 oyuna 4 qol vurub.

Braziliyanın “Fluminense” klubundan transfer olunan Marlon Xavyer isə “Ankaragücü” ilə 2 illik müqaviləyə imza atıb. O, 2017-ci ildən sözügedən klubun uğurları üçün çalışırdı. O, 2019/20 mövsümündə “Boavişta”, 2020/21 mövsümündə isə “Trabzonspor”da icarədə oynayıb. Müdafiəçi daha öncə “Krisiuma”da da forma geyinib.



