“Çelsi” Xalidu Kulibalini transfer etdi – 38 milyon avroya!

İngiltərənin “Çelsi” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, “zadəganlar” İtaliyanın “Napoli” klubundan Xalidu Kulibalini transfer edib.

Bu barədə London klubunun rəsmi saytı məlumat yayıb. Seneqaldan olan 31 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Britaniya mətbuatının yazdığına görə, “Çelsi” bu keçidə görə İtaliya klubuna 38 milyon avro ödəyib. Bonuslarla bu məbləğin 40 milyona çatması nəzərdə tutulub.

Xalidu Kulibali 2014-cü ildən “Napoli”nin formasını geyinirdi. O, Neapol təmsilçisinin heyətində meydana çıxdığı 317 oyunda 14 qola imza atıb. Seneqallı futbolçu daha öncə “Genk” və “Mets” komandalarının da uğurları üçün çalışıb. Təcrübəli mərkəz müdafiəçisi ölkəsinin yığma komandasında da 62 oyuna çıxıb.

Xatırladaq ki, “Çelsi” daha əvvəl “Mançester Siti”dən Rahim Sterlinqi də transfer etmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: