Futbol üzrə Azərbaycan Premyer Liqasında bu mövsüm uğurlu çıxışı ilə diqqət mərkəzində olan “Sabah” qış təlim-məşq toplanışına start verib. Arena.az xəbər verir ki, Murad Musayevin rəhbərlik etdiyi komanda bu gün səhər saatlarında Türkiyənin Antalya əyalətinin Bələk bölgəsinə yola düşüb.
Mənzil başına çatdıqdan və qısa istirahətdən sonra komanda bu gün hazırlıq çərçivəsində ilk məşqinə də çıxıb. “Hüseyn Aygün” təlim-məşq bazasında baş tutan hazırlıq zamanı futbolçular məşqçilərin tapşırığı əsasında müxtəlif təmrinləri yerinə yetiriblər.
Xatırladaq ki, “Sabah”ın Antalya toplanışı 7-19 yanvar tarixlərini əhatə edəcək. Komanda hazırlıq çərçivəsində yanvarın 12-də Polşanın “Varta” (Poznan), yanvarın 18-də isə Serbiyanın “Voyvodina” klubları ilə yoxlama oyunlarında qüvvəsini sınayacaq.
Masazır təmsilçisi Azərbaycan Premyer Liqasında 2022/23 mövsümünün geridə qalan ilk iki dövrəsini 43 xalla ikinci pillədə başa vurub. Bu komanda lider “Qarabağ”dan 7 xal geri qalır.


