Türkiyənin “Fatih Karagümrük” klubunun yarımmüdafiəçisi Cimmi Durmaz Super Liqa təmsilçisindən ayrılıb. Arena.az xəbər verir ki, bu barədə İstanbul klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, 33 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Ona xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Xatırladaq ki, Cimmi Durmaz 2021-ci ilin avqust ayında “Qalatasaray”dan ayrılaraq “Fatih Karagümrük”lə müqavilə bağlamışdı. O, bu komandanın heyətində cəmi 78 matça çıxıb. Təcrübəli futbolçu bu görüşlərdə 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
İsveçli vinger 2019-cu ildən 2021-ci ilə qədər “Qalatasaray”da çıxış edib. Yarımmüdafiəçi həmin dövrdə də icarə əsasında “Fatih Karagümrük”də oynamışdı.
İsveç milli komandasında 49 oyuna çıxan Cimmi, 3 qol da vurub. O, karyerası ərzində “Forvard”, “Malmö”, “Gənclərbirliyi”, “Olimpiakos” və “Tuluza”da da forma geyinib.


