Almaniyanın “Maynts” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Bundesliqa təmsilçisi Belçikanın “Gent” klubunun müdafiəçisi Andreas Hançe-Olseni transfer edib.
Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. 25 yaşlı mərkəz müdafiəçisi ilə 3.5 illik müqavilə imzalanıb. “Maynts” bu transferə görə Belçika klubuna 2.5 milyon avro ödəyib.
Andreas Hançe-Olsen Norveçin “Stabek” klubunun yetirməsidir. Norveçli müdafiəçi 2020-ci ilin oktyabr ayında 800 min avro qarşılığında “Gent”ə keçmişdi. O, bu komandanın heyətində 107 oyuna çıxıb, 2 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub. Müdafiəçi Norveç yığmasında da 16 oyuna çıxıb.
Xatırladaq ki, “Gent” Avropa Konfrans Liqasının pley-off mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibidir. Ağdam təmsilçisi ilə bu rəqib arasındakı ilk oyun fevralın 16-da Bakıda, cavab görüşü isə ayın 23-də Gentdə baş tutacaq.


