“Adana Dəmirspor” Ndiayeni gətirdi, Assombalonqa ilə vidalaşdı

Türkiyə Super Liqasında mübarizə aparan “Adana Dəmirspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, sözügedən klub seneqallı hücumçu Şerif Ndiayeni transfer edib.

Bu barədə Adana təmsilçisinin rəsmi saytı məlumat yayıb. 27 yaşlı forvard Çinin “Şanxay Port” klubundan mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb.

Şerif Ndiaye 2022-ci ilin aprel ayında Türkiyənin “Göztəpə” klubundan 1.2 milyon avro qarşılığında “Şanxay Port”a keçmişdi. O, sözügedən komandada meydana çıxdığı 24 oyunda 9 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub. Ndiaye 2020-2022-ci illər aralığında formasını geyindiyi “Göztəpə”də isə 73 matçda 24 qol vurub, 5 məhsuldar ötürmə verib. Seneqallı forvard daha öncə Belçikanın “Vasland Beveren” və Xorvatiyanın “Qoritsa” klublarının da formasını geyinib.

Yeri gəlmişkən, “Adana Dəmirspor” Ndiayenin gəlişindən sonra hücumçusu Britt Assombalonqa ilə yollarını ayırıb. Konqolu futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Ona xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Britt Assombalonqa 2021-ci ilin iyul ayında “Midlsbro”dan azad agent kimi Adana təmsilçisinə keçmişdi. Onun Türkiyə klubu ilə 2024-cü ilin 30 iyununa qədər müqaviləsi var idi. Futbolçu bu mövsüm meydana çıxdığı 14 oyunda 6 qol və 1 məhsuldar ötürmə müəllifi olmuşdu. O, Adana təmsilçisində bütövlükdə 54 oyuna çıxıb, 18 qol vurub və 3 məhsuldar ötürmə edib. Təcrübəli hücumçu daha öncə “Uotford”, “Uildston”, “Breyntri Taun”, “Sautend Yunayted”, “Piterboro Yunayted”, “Nottingem Forest” və “Midlsbro” kimi klublarda da forma geyinib. Konqo Demokratik Respublikasının yığma komandasında 8 matç keçirmiş futbolçu cəmi 1 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: