Azərbaycan Premyer Liqasının 20-ci turu iki futbolçunun “Qarabağ” komandasında debüt etməsi ilə əlamətdar olub. Arena.az xəbər verir ki, bununla da Ağdam klubunun heyətində Azərbaycan çempionatında oynamış futbolçuların sayı 300-ü keçib.
“Şamaxı” ilə ev görüşünədək (3:1) 299 oyunçu Ağdam təmsilçisinin heyətində meydana çıxmışdı. “Azersun Arena”dakı qarşılaşmada debüt edən Adama Diakabi və Redon Cica bu rəqəmi 301-ə çatdırıb. Hər iki legioner eyni vaxtda əvəzetmədən oyuna daxil olub.
Xatırladaq ki, “Qarabağ” ölkə çempionatında formasını geyinənlərin sayında 300-ü keçən 4-cü komandadır. Azərbaycan çempionatında yalnız “Neftçi”, “Kəpəz” və “Şamaxı”da bu rəqəm daha yüksəkdir.


