Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Kasımpaşa” klubu heyətini iki yeni oyunçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi Portuqaliyanın “Braqa” klubundan Fabiano Silvanı, Belçikanın “Şarlerua” komandasından isə Ali Qolizadeni transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu bu mövsümün sonuna kimi icarə əsasında Super Liqa klubunun uğurları üçün çalışacaq.
Fabiano Silva “Braqa”nın öz yetirməsidir. Braziliyadan olan 22 yaşlı sağ cinah müdafiəçisi daha öncə “Akademika”da da icarədə oynayıb. O, “Braqa”nın əsas komandasında 59 oyun keçirib, 2 məhsuldar ötürmə müəllifi olub.

Ali Qolizade isə 2018-ci ildən “Şarlerua”da çıxış edir. Əslən Ərdəbildən olan iranlı futbolçu Belçika komandasında 143 oyuna 23 qol vurub, 26 məhsuldar ötürmə müəllifi olub. Daha öncə İranın “Saypa” klubunda oynamış 26 yaşlı forvard, bu ölkənin əsas yığmasında da 29 oyuna 6 qol vurub.
Xatırladaq ki, “Kasımpaşa” bundan öncə “Başakşəhər”dən Munir Şuyarı da icarəyə götürdüyünü açıqlamışdı.


