Türkiyədə fevralın 6-da baş verən və böyük dağıntılara, insan itkisinə səbəb olan güclü zəlzələ futbol təsərrüfatına da təsirsiz ötüşmədi. Arena.az xəbər verir ki, təbii fəlakətin ardından futbol da daxil olmaqla bütün idman tədbirləri dayandırıldı.
Türkiyə Futbol Federasiyası (TFF) yarışların martın 3-4-dən etibarən bərpa olunacağını açıqlayıb. Lakin zəlzələdən daha çox ziyan görmüş əyalətlərin komandaları bu mövsümün qalan hissəsində oynamaq istəmirlər.
Super Liqadan iki klub iştirakını dayandırmağa qərar verib. Bunlar “Qaziantep” və “Hatayspor” klublarıdır. TFF bu klublarda çıxış edən legioner futbolçuların Super Liqanın digər təmsilçilərinə keçidi üçün şərait yaradıb. Lakin hər klub bu komandalardan maksimum 2 futbolçunu heyətinə cəlb edə bilər. Belə olan halda legioner limiti də bu mövsümün sonuna kimi, müvəqqəti olaraq 8-dən 9-a çıxarılıb. “Qaziantep” və “Hatayspor”a mövsümün qalan oyunlarında 0:3 hesablı texniki məğlubiyyət veriləcək. Lakin onlar yekunda turnir cədvəlində tutacaqları yerdən asılı olmayaraq, gələn mövsüm yenə Super Liqada mübarizə aparmaq hüququ qazanacaqlar. Hər iki klub TFF-dən teleyayım və digər gəlirlərə görə alacaqlarına da sahib çıxmaq hüququnu saxlayır.
Birinci Liqadan da iki klub yarışı davam etdirə bilməyəcək. Bunlar “Yeni Malatyaspor” və “Adanaspor”dur. İkinci Liqada “Adıyaman” və “Diyarbəkirspor”, Üçüncü Liqada isə “Niğde Anadolu”, “Malatya Arguvanspor”, “Kahramanmaraşspor” və “Osmaniyəspor” komandaları mövsümün qalan hissəsində meydana çıxmayacaqlarını bəyan ediblər. Bütün bu klubların tələbi TFF tərəfindən qəbul olunub. Bu kollektivlərə də mövsümün qalan oyunlarında 0:3 hesablı texniki məğlubiyyət veriləcək. Lakin növbəti mövsümdə hər biri bu mövsüm mübarizə apardıqları çempionatda oynamaq hüququna malik olacaqlar.
Türkiyədə qış transfer pəncərəsi fevralın 8-də bağlanmalı idi. Lakin TFF-nin UEFA və FİFA-ya yazılı müraciətindən sonra bu müddət daha 10 gün artırılmışdı. Bu gün isə TFF prezidenti Mehmet Büyükekşi beynəlxalq futbol qurumlarına yenidən müraciət ünvanladıqlarını bəyan edib. Onun sözlərinə görə, transfer pəncərəsinin müddətinin martın 5-nə kimi uzadılması ilə bağlı müraciətlərinə yazılı cavab gözləyirlər.
Xatırladaq ki, Türkiyədə zəlzələ nəticəsində, ən son məlumatlara görə, 35 mindən çox ölən, 105 mindən çox yaralı var.


