“Adana Dəmirspor” Xorxe Morel və Furkan Soyalpı heyətinə qatdı

Türkiyənin “Adana Dəmirspor” klubu heyətini yeni futbolçularla gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi paraqvaylı yarımmüdafiəçi Xorxe MorelFurkan Soyalpı heyətinə qatıb.

Soyalp dəhşətli zəlzələdən sonra Super Liqanın cari mövsümünün qalan hissəsində meydana çıxmayacağı açıqlanan “Qaziantep”dən icarəyə götürülüb. O, bu ilin 30 iyununa kimi Adana təmsilçisində forma geyinəcək.

Furkan peşəkar karyerasına “Bursaspor”da başlayıb. O, “Bandırmaspor” və “Başakşəhər”də də forma geyinib. 27 yaşlı futbolçu 2019-cu ilin yayından formasını geyindiyi “Qaziantep”də 93 oyuna 7 qol vurub, 14 məhsuldar ötürmə müəllifi olub. Soyalp Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.

Xorxe Morel isə Paraqvayın “Quarani” klubundan bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. “Adana Dəmirspor” yayda bu futbolçunu heyətində saxlamaq üçün qarşı tərəfə 3.2 milyon avro ödəməlidir.

25 yaşlı futbolçu daha öncə “Lanus” və “Estudiantes”də də icarədə oynayıb. O, “Quarani”də 91 oyuna 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Yarımmüdafiəçi Paraqvay milli komandasında da 9 matça çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: