Dieqo Simeone “Atletiko”da bu rekordu da qırdı

Futbol üzrə İspaniya La Liqasının 24-cü turunun “Sevilya” ilə ev oyunu “Atletiko”nun baş məşqçisi Dieqo Simeone üçün əlamətdar olub. Arena.az xəbər verir ki, argentinalı mütəxəssis bu oyun sayəsində Madrid təmsilçisində yeni rekorda imza atıb.

Belə ki, o, paytaxt klubunun sükanı arxasında 613-cü oyununa çıxıb. Nəticədə Simeone klub əfsanəsi Luis Araqonesin rekordunu geridə qoyub. Luis Araqones vaxtilə “Atletiko”nu 612 matça çıxarmışdı. Ötən tur onun bu rekordunu təkrarlayan argentinalı mütəxəssis, artıq Araqonesin uğurunu geridə qoyub. Böyük ehtimalla hələ daha bir neçə il Madrid təmsilçisində qalacaq Simeone, bu rekordu əlçatmaza çevirmək imkanına malik olacaq.

“Atletiko” onun bu əlamətdar matçını 6:1 hesablı qələbə ilə yekunlaşdırıb. Bu qələbədən sonra 45 xala malik Madrid təmsilçisi 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Dieqo Simeone 2011-ci ilin dekabr ayından paytaxt klubunda işləyir. “Atletiko” onun rəhbərliyi altında meydana çıxdığı 613 matçda 359 qələbə qazanıb, 143 heç-heçə edib, 111 məğlubiyyətə üzülüb. Argentinalı mütəxəssis “Atletiko”dan öncə “Rasinq Klub”, “Estudiantes”, “River Pleyt”, “San Lorenso”, “Kataniya” kimi klublarda da baş məşqçi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: