AFFA “Səbail”lə “Kəpəz”i azarkeşlərinə görə cərimə etdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 25-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Zirə” – “Şamaxı” oyununda “Zirə” oyun günü planı tələblərini pozduğuna görə 800 manat cərimə olunub.

“Səbail” – “Sumqayıt” oyununda “Səbail”in azarkeşləri tərəfindən təhqiramiz ifadələrin işlənməsinə görə sözügedən klub 4000 manat cərimə olunub. “Sumqayıt”ın nümayəndəsinin iclasa gecikməsinə görə bu klub da 800 manat cəzalandırılıb. “Səbail”in oyunçusu Qustavo de Fransa rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb. Onun klubu isə buna görə 200 manat cərimə olunub.

“Sabah” – “Kəpəz” oyununda “Sabah”ın futbolçusu Anatoli Nuriyev ikinci sarı vərəq alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılıb. Futbolçunun klubu da buna görə 200 manat cərimə olunub. “Kəpəz”in futbolçusu Abdullahi Şuaybu ciddi qayda pozuntusu edərək birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılıb. Gəncə klubu buna görə 1600 manat cərimələnib. “Kəpəz”in azarkeşləri tərəfindən oyunun hakimlərinin kütləvi təhqir edilməsinə görə klub 4000 manat cərimə olunub.

“Qəbələ” – “Qarabağ” oyununda “Qarabağ”ın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün Ağdam klubu 800 manat cərimə edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: