Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Türkiyə Super Liqasında mübarizə aparan “Konyaspor”da növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, bu gün Super Liqada 26-cı tura start verilib.
Turun açılış matçında “Konyaspor” doğma meydanda Super Liqanın lideri “Qalatasaray”la qarşılaşıb. Oyunda hesabı 31-ci dəqiqədə qonaq komanda açıb. Amma 62-ci dəqiqədə futbolçumuzun komandası hesaba tarazlıq gətirməyi bacarıb. 90+3-cü dəqiqədə daha bir qol vuran “Konyaspor” uğurlu seriyaya malik “Qalatasaray”ı dayandırmağı bacarıb.
Mahir Emreli bu oyuna start heyətdə başlayıb. 15-ci dəqiqədə sarı vərəqə ilə cəzalanan millimizin üzvü 79-cu dəqiqədə əvəzlənib.
Bu nəticədən sonra lider “Qalatasaray” 60 xalla zirvədəki yerini qoruyur. “Konyaspor” isə 34 xalla 8-ci pillədə qərarlaşıb.
Onu da xatırladaq ki, “Qalatasaray” növbəti oyununu Bakıda “Qarabağ”a qarşı keçirəcək. Məsələ burasındadır ki, İstanbul təmsilçisi Ağdam klubu ilə ölkəmizdə xeyriyyə məqsədi daşıyan yoldaşlıq görüşü keçirməklə bağlı razılığa gəlib. Sözügedən klublar milli komandaların oyunlarına görə yaranmış fasilədən məhz bu cür yararlanmağa qərar veriblər. Qarşılaşma martın 26-da Bakı Olimpiya Stadionunda baş tutacaq. Oyuna saat 20:00-da start veriləcək. Qarşılaşmadan əldə oluncaq gəlirin hamısı Türkiyədəki dəhşətli zəlzələdən əziyyət çəkənlər üçün göndəriləcək. Bir sözlə, azərbaycanlı futbolçunun komandası “sarı-qırmızılar”ı Azərbaycana məğlub yola salır.
26-cı turun qalan oyunları şənbə və bazar günlərində keçiriləcək.
Türkiyə Super Liqası
26-cı tur
17 mart
Konyaspor – Qalatasaray 2:1
Qol: S.Dikmen, 62. O.Ülgün, 90+3 – M.Raşiça, 31.
18 mart
14:30. Kasımpaşa – Ümraniyəspor
17:00. Adana Dəmirspor – Antalyaspor
20:00. Beşiktaş – İstanbulspor
19 mart
17:00. Fatih Karagümrük – Başakşəhər
17:00. Sivasspor – Ankaragücü
20:00. Alanyaspor – Fənərbaxça


