UEFA Türkiyə Super Liqasında mübarizə aparan “Fənərbaxça”, “Trabzonspor” və “Sivasspor” klublarını cəzalandırıb. Arena.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun mətbuat xidməti məlumat yayıb.
Hər üç klub azarkeşlərinin avrokubok oyunlarındakı davranışına görə cəzalandırılıb.
“Fənərbaxça”nın fanatları Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində baş tutan İspaniyanın “Sevilya” komandası ilə cavab oyununda (1:0) meydana yad əşyalar atıblar. Bu azmış kimi, tərəfdarlar ev oyununda keçidləri də bağlayıblar. Bu üzdən İstanbul klubu 44 min avro ziyana düşüb. Üstəlik, komandanın avrokuboklar çərçivəsində keçirəcəyi növbəti ev oyununda arenanın 5 minlik oturacağı boş qalacaq.
“Trabzonspor” tərəfdarları Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində İsveçrədə “Bazel”ə qarşı keçirilmiş cavab matçında (0:2) pirotexniki vasitələrdən istifadə ediblər. Türkiyə Super Liqasının son qalibi buna görə 20 min avro cərimələnib.
UEFA ən ağır cəzanı “Sivasspor”a verib. Bu komanda Avropa Konfrans Liqasının 1/8 final mərhələsində İtaliya təmsilçisi “Fiorentina” ilə ev oyununda 1:4 hesabı ilə uduzaraq mübarizəni dayandırmışdı. Məhz həmin matçdan sonra yerli fanatlardan biri meydana daxil olaraq rəqib futbolçulardan birinin sifətinə zərbə endirmişdi. Bu hadisə ilə əlaqədar Sivas təmsilçisinin növbəti avrokubok görüşünü azarkeşsiz keçirməsinə qərar verilib. Komandanın kapitanı Hakan Arslan isə 3 oyunluq diskvalifikasiyaya məruz qalıb.


