Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2022/23 mövsümünün 27-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Ümraniyəspor” – “Konyaspor” və “Girəsunspor” – “Alanyaspor” matçlarında qalib müəyyənləşməyib.
Turun mərkəzi görüşündə isə “Fənərbaxça” “Beşiktaş”ı qəbul edib. İstanbul derbisində qapılara 6 qol vurulub. Hesabı ilk hissədə penaltidən fərqlənən meydan sahibləri açıblar. Fasilədən sonra qonaqlar daha bir zərbə alıblar. 51-ci dəqiqədə Velinton meydandan qovulub və “qara qartallar”ın qapısına daha bir penalti təyin olunub. Lakin ilk penaltini dəqiq yerinə yetirən Enner Valensiya ikinci 11 metrlik zərbə zamanı uğursuz olub. Bundan az sonra qonaqların hücumçusu Cenk Tosun ardıcıl iki qol vurmaqla həm dublunu rəsmiləşdirib, həm də azlıqda olan komandasını hesabda önə keçirib. Hər iki qolun ötürməsini fasilədən sonra meydana çıxan Natan Redmond verib. 75-ci dəqiqədə o, özü də fərqlənib. İngiltərədən olan 29 yaşlı forvard 90+1-ci dəqiqədə Vensan Abubakarın da fərqlənməsinə şərait yaradıb.
Böyük şok yaşayan “Fənərbaxça”nın gücü yalnız son saniyələrdə hesab arasındakı fərqi azaltmağa çatıb – 2:4.
Ardıcıl dördüncü qələbəsini qazanan “Beşiktaş” hazırda 52 xalla üçüncü pillədə qərarlaşıb. “Fənərbaxça” isə 54 xalla ikincidir. Lider 63 xalı olan “Qalatasaray”dır.
Tura sabah keçiriləcək “İstanbulspor” – “Fatih Karagümrük” matçı ilə yekun vurulacaq.
Türkiyə Super Liqası
27-ci tur
1 aprel
Başakşəhər – Ankaragücü 1:0
Qol: S.Gürlər, 36.
Trabzonspor – Kayserispor 3:4
Qol: M.Qomes, 3. A.Ömür, 50. Bardi, 54-pen – E.Başsan, 1. Tiam, 20. Mensa, 48-pen. K.Mane, 63.
Qalatasaray – Adana Dəmirspor 2:0
Qol: Midstyö, 86. Zaniolo, 90+8-pen.
2 aprel
Ümraniyəspor – Konyaspor 2:2
Qol: K.Demirtaş, 62-öz qapısına. O.Ayık, 89 – M.Diuf, 82. S.Dikmen, 90+7.
Girəsunspor – Alanyaspor 2:2
Qol: Can Davas, 84. Kuvas, 88-pen – E.Karaca, 17. Z.Ferhat, 73.
Fənərbaxça – Beşiktaş 2:4
Qol: E.Valensiya, 41-pen. İ.C.Kahveci, 90+5 – C.Tosun, 58; 62. Redmond, 76. V.Abubakar, 90+1.
3 aprel
21:30. İstanbulspor – Fatih Karagümrük


