Türkiyə Super Liqasının 26-cı turunun “Beşiktaş”la ev oyunu “Fənərbaxça”nın hücumçusu Enner Valensiya üçün əlamətdar olub. Arena.az xəbər verir ki, ekvadorlu futbolçu 2:4 hesabıyla uduzduqları bu oyunda komandasının vurduğu iki qoldan birincisinin müəllifi olub.
Bu qol sayəsində Valensiya “Fənərbaxça”nın və Super Liqanın tarixinə düşüb. Belə ki, o, 2006/07 mövsümündən etibarən İstanbul təmsilçisində çempionat çərçivəsində baş tutan ardıcıl 6 oyunda qol vuran ilk futbolçuya çevrilib. Valensiya “Beşiktaş”a qədər “Alanyaspor”, “Kayserispor”, “Konyaspor”, “Adana Dəmirspor” və “Kasımpaşa” ilə matçlarda da rəqiblərin qapısına yol tapmışdı.
Xatırladaq ki, Valensiya ötən tur cari mövsümdə “Fənərbaxça”da vurduğu qolların sayını 29-a çatdırmaqla da yeni rekorda imza atmışdı. O, İstanbul təmsilçisinin tarixində legionerlər arasında bir mövsümdə ən çox qol vuran futbolçudur. Əvvəlki rekord “Fənərbaxça”nın əfsanəvi futbolçusu Aleks de Souzaya məxsus idi. Braziliyalı futbolçu vaxtilə İstanbul təmsilçisində bir mövsümə 28 qol vurmuşdu. O, bunu 2010/11 mövsümündə rəsmiləşdirmişdi. Hazırda Valensiyanın hesabında 30 qol var və o, mövsümün qalan hissəsinə özünə məxsus rekordu bir qədər də əlçatmaza çevirə bilər.
Xatırladaq ki, Enner Valensiya 2020-ci ilin avqust ayından “Fənərbaxça”da forma geyinir. 33 yaşlı futbolçu bu müddətdə Türkiyə klubunun heyətində 104 matça çıxıb. O, bu görüşlərdə 56 qol vurub, 14 məhsuldar ötürmə müəllifi olub. Ekvadorlu forvard daha öncə “Emelek”, “Paçuka”, “Vest Hem”, “Everton” və “Tiqres UANL” kimi klubların da formasını geyinib. O, Ekvador milli komandasında da 77 oyuna çıxıb və 38 qola imza atıb.


