UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin “Çelsi” ilə ev oyunu “Real”ın yarımmüdafiəçisi Marko Asensio üçün əlamətdar olub. Arena.az xəbər verir ki, ispan futbolçu komandasının 2:0 hesablı qələbəsinə bir qolla töhfə verib.
71-ci dəqiqədə meydana buraxılan Marko, cəmi 3 dəqiqə sonra rəqib qapısına yol tapıb. Nəticədə Asensio UEFA Çempionlar Liqasında əvəzetmədən oyuna qoşulduqdan sonra vurduğu qol sayını 9-a çatdırıb. İspaniya yığmasının sağ cinah vingeri bu göstərici ilə Çempionlar Liqasının yeni rekordçusuna çevrilib.
Marko Asensio 2015-ci ilin yayından formasını geyindiyi “Real”da 273 oyuna çıxıb, 58 qol vurub, 30 məhsuldar müəllifi olub. 27 yaşlı futbolçu “Malyorka” və “Espanyol”un da uğurları üçün çalışıb. O, İspaniya milli komandasında 35 oyuna 2 qol vurub.
“Çelsi” ilə matçın iştirakçısı olan “Real”ın digər futbolçusu Vinisius Junior da Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib. O, rəqibin cərimə meydançası daxilində topla oynama sayında hamını üstələyib. Braziliyalı vinger “Çelsi”nin qapısı qarşısında 19 dəfə topa toxunmağı bacarıb. Maraqlıdır ki, “Çelsi”nin oyunçuları rəqibin qapıçı meydançasında ümumilikdə 10 dəfə topla oynayıblar.
Vinisius Junior 2018-ci ildə Braziliyanın “Flamenqo” klubundan 45 milyon avro qarşılığında “Real”a keçib. Sol cinah vingeri Madrid təmsilçisində 215 matça çıxıb, 57 qol vurub, 59 məhsuldar ötürmə ilə yadda qalıb. O, Braziliya yığmasında da 21 matça çıxıb, 2 qol vurub.
Xatırladaq ki, “Real”la “Çelsi” arasındakı cavab oyunu aprelin 18-də keçiriləcək.


