Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Türkiyə Super Liqasında mübarizə aparan “Konyaspor”da növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Super Liqanın 30-cu turu çərçivəsində “Adana Dəmirspor”u qəbul edib.
Üç qolun qeydə alındığı qarşılaşma futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb – 1:2.
Mahir Emreli bu görüşə start heyətdə başlayıb. 28-ci dəqiqədə “Konyaspor” məğlub duruma düşüb. Amma 40-cı dəqiqədə məhz Mahir səhnəyə çıxaraq həm Türkiyə klubundakı ilk qoluna imza atıb, həm də hesabı bərabərləşdirib. Amma 56-cı dəqiqədə penalti qazanan qonaqlar yenidən hesabda önə keçiblər. Bundan 4 dəqiqə sonr isə Mahir əvəzlənib. Qarşılaşmada başqa qol qeydə alınmayıb və beləcə, Emrelinin komandası meydanı xalsız tərk edib.
Bu nəticədən sonra “Konyaspor” Super Liqada 19 iştirakçı arasında 39 xalla 9-cu pillədə qərarlaşıb. “Adana Dəmirspor” isə 54 xalla 4-cüdür.


