“Fatih Karagümrük” yeni baş məşqçisini açıqladı

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Fatih Karagümrük” komandasının yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, bu gün Andrea Pirlo ilə yollarını ayırdığını açıqlayan İstanbul təmsilçisini müvəqqəti olaraq Alparslan Erdem çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Klubda məşqçi kimi fəaliyyət göstərən Alparslan Erdem mövsümün qalan hissəsində əsas komandaya baş məşqçilik edəcək.

İstanbul təmsilçisi bu mövsüm Türkiyə Super Liqasında keçirdiyi 33 oyunda 11 qələbə, 11 heç-heçə və 11 məğlubiyyətlə 44 xal toplayıb və 9-cu pillədə qərarlaşıb. İstanbul təmsilçisini mövsümün son üç turunda “Kayserispor” (30 mayda evdə), “Konyaspor” (11 iyunda səfərdə) və “Kasımpaşa” (18 iyunda evdə) ilə oyunlar gözləyir.

Xatırladaq ki, “Fatih Karagümrük”ə 2022-ci ilin iyun ayından Andrea Pirlo rəhbərlik edirdi. İtaliyalı mütəxəssis bu komandanı bütövlükdə 34 oyuna çıxarıb. İstanbul təmsilçisi bu oyunlardan 11-də qələbə qazanıb, 11-də heç-heçə edib və 12 görüşdə də məğlubiyyətlə üzləşib.

Bu gün isə klub rəhbərliyi italiyalı mütəxəssislə müqavilənin yenilənməyəcəyini açıqlayıb. 44 yaşlı məşqçiyə və onun köməkçilərinə gələcək planlarını qurması üçün icazə verilib. Super Liqa təmsilçisi onlara xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: