Futbol üzrə Braziliya milli komandasının və Fransa çempionu PSJ-nin ulduz hücumçusu Neymar “Barselona”ya qayıda bilər.
Arena.az bu barədə “Sport.es”ə istinadən xəbər verir.
Mənbənin məlumatına görə, Kataloniya klubu argentinalı ulduz Lionel Messinin transferində düçar olduğu uğursuzluğundan sonra komandanı gücləndirmək variantları üzərində düşünür.
“Barselona” rəhbərliyinin məqsədi yüksək səviyyədə oyun sərgiləyən ulduz futbolçu ilə müqavilə bağlamaqdır ki, Neymar bu tələblərə uyğundur.
Buna rəğmən, Neymarın məbacibi və PSJ-nin ulduz braziliyalıya görə “Barselona”ya “oxuyacağı” qiymət, mümkün transferin gerçəkləşməsi üçün çətinlik kimi göstərilir.
Xatırladaq ki, Neymar 2017-ci ildə məhz “Barselona”dan 222 milyon avro qarşılığında PSJ-yə keçib. Ulduz hücumçunun Paris klubu ilə müqaviləsi 2025-ci ilə qədərdir.
Daha əvvəl klubda yenidənqurma tədbirləri aparmağı strategiya olaraq müəyyən etmiş PSJ rəhbərliyinin, braziliyalı başda olmaqla bir neçə aparıcı futbolçusunu satışa çıxardığı haqda məlumat yayılmışdı. Geridə qalmış mövsümdə Neymarın tez-tez zədələnməsi və əhli-kef münasibəti ilə klubu cana doydurduğu da qeyd edilir.
2022/2023 mövsümündə Neymar PSJ-nin heyətində 29 oyuna çıxıb, 18 qol vurub və 17 məhsuldar ötürmə ilə fərqlənib. O, komandası ilə Fransa çempionluğunu qazanıb.
“Transfermarkt” internet-portalı Neymarı 70 milyon avro məbləğində qiymətləndirir.


