“Barselona”nın baş məşqçisi Xavi Almaniya yığmasının və “Bayern”in yarımmüdafiəçisi Yozua Kimmixi sərəncamında görmək istəyir.
Arena.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, o, 28 yaşlı Kimmixi “Maçester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğanla tandemdə oynatmaq fikrindədir.
Baş məşqçi bu məqsədlə kluba bütün gücü və imkanlarından istifadə etmək tapşırığını verib.
Hazırda Xavi, Kimmixi klubun əsas transfer hədəfi hesab edir. “Barselona”nın məşqçilər qərargahı Kimmixi həm ideal yaşı və həm də davamlı tərəqqisi nöqteyi-nəzərindən yetkin, transfer bazarında ən yaxşı yarımmüdadiəçi hesab edir.
Vurğulayaq ki, “Bayern” Yulian Nagelsmanı istefaya göndərəndən sonra Yozua Kimmixlə klub rəhbərliyi arasında fikir ayrılığı yaranıb. Futbolçunun karyerasını yeni klubda davam etdirmək istəyində olması barədə xəbərlər var. “Barselona” məhz bu fürsətdən yararlanmaq niyyətindədir.
Kimmixin “Bayern”lə müqaviləsi 2025-ci ilə qədər qüvvədədir. Ancaq yarımmüdafiəçi yeni komandaya keçməyini istisna etmir və bu baxımdan ən çox üstünlüyü “Barselona”ya verir. Daha əvvəl Robert Levandovskinin etdiyi kimi, Kimmixin də transferi həyata keçirmək üçün Münhen klubuna təzyiq göstərməyə hazır olduğu deyilir.
“Barselona” rəhbərliyi Kimmixin transferinin böyük məbləğə başa gələcəyini bilir. Buna rəğmən klub Xavinin istəyini yerinə yetirməyə çalışacaq.
Kimmix cari mövsümdə 47 oyunda münhenlilərin heyətində meydana çıxıb və bu oyunlarda 7 qol, 11 məhsuldar ötürmə ilə fərqlənib. O, həm də bu komanda ilə Bundesliqanı qazanmağı bacarıb.
“Transfermarkt” internet-portalı Yozua Kimmixi 80 milyon avro məbləğində qiymətləndirir.


