Xosep Qvardiola: “İndi mənə layiq olduğumu verin”

Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının finalında “İnter” üzərində qələbədən (1:0) sonra fikirlərini bölüşüb.

Arena.az oyunsonrası mətbuat konfransında Qvardiolanın səsləndirdiyi fikirləri diqqətinizə çatdırır:

“Əvvəla, “İnter”i təbrik etmək istəyirəm. Məğlubiyyətin acısını heç nə azalda bilməz. Ancaq Avropanın ikinci ən yaxşı komandası olmaq da əladır. Rəhbərliyə də təşəkkür etmək istəyirəm. Onların yerində başqa kim olsa, məni çoxdan qovardılar. Neçə-neçə klub bu turnirdə qalib gəlmək istəyinə görə layihələrini məhv edir. Biz qolu ikinci hissədə vurduq, sonda da qol buraxsaydıq, dəyişməzdim, eyni adam olaraq qalacaqdım. Bizə çətin idi. “İnter” müstəsna bir komandadır.

Bütün dünya car çəkirdi ki, biz bunu edə bilməyəcəyik, bunun üçün kifayət qədər deyilik. Ola bilsin ki, məni kifayət qədər bacarıqlı hesab etmirdilər. Mənə elə gəlirdi ki, böyük işlər görürük. Mən bacarıqlıyam, amma hər mövsüm Çempionlar Liqasını, xüsusilə “trebl”lər qazanacaq qədər bacarıqlı deyiləm. Çempionlar Liqasını sevirəm, çünki, tarix yazır. Amma indi altı il ərzində beş Premyer Liqa qənimətini qazanmağın müqabilində mənə layiq olduğumu verin”.

Xatırladaq ki, “İnter”i minimal hesabla məğlub etmiş “Mançester Siti” tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub. Xosep Qvardiola isə 2011-ci ildən bu yana ilk dəfə qitənin ən nüfuzlu turnirində yenidən qalib olmağı bacarıb. Mançester təmsilçisi bu qələbəsi ilə həm də “trebl”ini rəsmiləşdirib: klub Premyer Liqanı, İngiltərə Federasiya Kubokunu və UEFA Çempionlar Liqasını qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: