İspaniya nəhəngi “Real” Fransa çempionu PSJ-nin ulduz hücumçusu Kilian Mbappeni əldə etmək üçün dəridən-qabıqdan çıxır.
Arena.az “The Telegraph” dərgisinə istinadən xəbər verir ki, “Kral klubu” fransız hücumçunun transferi üçün müəyyən edilmiş məbləği verməyə razıdır.
“Real” hətta fransız dayaq yarımmüdafiəçisi Orelyen Tçuamenini də Paris klubuna təklif etməyə hazırdır.
Xatırladaq ki, Mbappe 2024/2025 mövsümü üçün PSJ ilə müqaviləsini avtomatik qaydada yeniləyən müvafiq bəndə qol qoymayıb. Bu isə fransız hücumçunun 2024-cü ilin iyununda azad agent olmasına imkan verəcək. PSJ Mbappeni havayı itirməmək üçün hücumçunun satışında maraqlıdır.
2022/2023 mövsümündə Mbappe PSJ-nin heyətində 43 oyuna çıxıb, 41 qol vurub, 10 məhsuldar ötürmə ilə fərqlənib və parislilərlə Fransa çempionluğunu qazanıb.
Vurğulayaq ki, 24 yaşlı Mbappe PSJ-nin tarixində ən yaxşı bombardir.
“Transfermarkt” internet-portalı Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.


