Florentino Peres Zidanı “Real”a qaytarmaq istəyir

“Real”ın prezidenti Florentino Peres sabiq futbolçu və baş məşqçi Zinədin Zidanın bu klubun təşkilati strukturuna daxil olmasını istəyir.

Arena.az bu barədə AS dərgisinə istinadən xəbər verir.

Bu, komandanın meydandan kənarda texniki idarəçiliyi ilə bağlı mövqedir. Mümkün təyinatın səbəbi Zidanın Madrid klubunda olan təsir dairəsi və nüfuzudur. Beləliklə, Zidanın adı ilə Eduardo Kamavinqa, Orelyen Tçuameni, Cud Bellingemin “Real”a keçidi əlaqələndirilir. Zidanın, həmyerlisi, PSJ-nin fransız ulduz hücumçusu Kilian Mbappenin “Kral klubu”na keçidi qərarına təsir edə biləcəyi də ehtimal edilir.

Xatırladaq ki, Zidan məşqçilik müddətində yalnız “Real”ı çalışdırıb. Mütəxəssisin “Kral klubu”na ardıcıl üç dəfə UEFA Çempionlar Liqasını qazandırması (2015/2016, 2016/2017, 2017/2018) karyerasının zirvəsi hesab edilir.

Xəbəri sosial şəbəkələrdə paylaş: