Toni Kroos “Real”la yeni müqavilə bağladı – Rəsmi

Madrid “Real”ının Almaniyadan olan yarımmüdafiəçisi Toni Kroos ən azı daha bir mövsüm İspaniya klubunun düşərgəsində qalacaq.

Arena.az xəbər verir ki, “Kral klubu” yarımmüdafiəçi ilə müqaviləsini yenilədiyini rəsmən açıqlayıb.

Yeni müqavilənin müddəti 2024-cü il iyunun 30-na qədər hesablanıb. Bu yay alman yarımmüdafiəçi azad agent ola bilərdi. Amma tərəflər əməkdaşlığı davam etdirməklə bağlı razılıq əldə ediblər.

Xatırladaq ki, Toni Kroos “Real”a 2014-cü ilin iyul ayında “Bayern”dən 25 milyon avro qarşılığında keçib. O, bu komanda ilə 20 kubok qazanıb: 4 UEFA Çempionlar Liqası, 5 klublararası dünya çempionatı, 4 UEFA Super Kuboku, 3 La Liqa, 3 İspaniya Super Kuboku, həmçinin Kral Kuboku.

Kroos ötən mövsüm “Real”ın heyətində 52 oyuna çıxıb, 2 qol vurub, 6 məhsuldar ötürmə edib. O, madridlilərin heyətində bütövlükdə 417 matç keçirib ki, bu görüşlərdə də 27 qol və 89 assistlə yada qalıb.

“Transfermarkt” internet-portalı Toni Kroosu 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: