İlkay Gündoğan “Barselona” ilə müqaviləsinə razılaşmaya birtərəfli qaydada mümkün xitam şərtini daxil edib.
Arena.az bu haqda “Diario Sport”a istinadən xəbər verir.
Daha əvvəl tərəflər arasında 2+1 sxemi üzrə müqavilə imzalanıb. Ardından “Mançester Siti”nin yarımmüdafiəçisi müqaviləyə La Liqada qeydiyyat zəmanəti ilə bağlı bəndin daxil edilməsində israr edib. “Barselona” rəhbərliyi bu şərti təmin edəcəyinə dair əminliyini şifahi surətdə bildirsə də, öz növbəsində Gündoğan rəsmi zəmanətdə israrlı mövqe nümayiş etdirib.
Müqavilədə qeyd edilib ki, “Barselona” İlkay Gündoğanı La Liqanın yeni mövsümünün ilk dövrəsindən əvvəl (şərti olaraq 11-13 avqust tarixlərində) qeydiyyatdan keçirməlidir. Əgər bu şərt yerinə yetirilməzsə, Gündoğan “Barselona”nı ödənişsiz tərk etmək hüququnda olacaq.
Xatırladaq ki, mövsüm bitən kimi “Mançester Siti”dən ayrılan İlkay Gündoğan azad agent kimi “Barselona”ya keçməyə qərar verib. Kataloniya klubunun bu transferi tezliklə rəsmən açıqlaması gözlənilir.


