Gündoğan “Barselona”nı seçməsinin səbəblərini açıqladı

“Mançester Siti”ni “Barselona”ya dəyişən İlkay Gündoğan niyə məhz Kataloniya klubuna keçmək istədiyinə aydınlıq gətirib.

Arena.az İlkay Gündoğanın “The Players’s Tribune”da bu xüsusda qeyd etdiyi fikirlərini diqqətinizə çatdırır:

“Barselona”da çox təzyiq olacağını bilirəm, amma bu duyğuyla oynamağı xoşlayıram. Rahatlıq zonamdan çıxmağı sevirəm. İlkay karyerasının asan davamını axtarmırdı, o, yeni çağırış arayırdı. Bu, karyeramın növbəti fəsli olacaq. “Barselona” forması ilə oynamaq üçün intizardayam.

“Mançester Siti”ni tərk edəcəyim təqdirdə dünyada yalnız bir kluba gedə biləcəyimi dəqiq bilirdim. Bu “Barselona”dır, vəssəlam. Uşaqlıqdan bu köynəkdə oynamaq arzusunda idim. Hələ bir neçə il yüksək səviyyədə futbol nümayiş etdirə biləcəyəmə əminəm, bu səbəbdən “Barselona”nın layiq olduğu yerə qayıtmasına kömək edə biləcəyimə ümidvaram. Mən köhnə dostum Robert Levandovski ilə qovuşacağam. Çoxdan heyranı olduğum bir məşqçinin rəhbərliyi altında oynamaqdan məmnun olacağam. Xavi ilə layihə haqqında danışanda oyunu başa düşmək baxımından aramızda çoxlu ümumi bənzərliklər gördüm”.

Xatırladaq ki, İlkay Gündoğan geridə qalmış mövsümdə kapitan sarğısını daşıdığı “Mançester Siti”nin heyətində “trebl” qazanıb. O, İngiltərə Premyer Liqasının, İngiltərə Federasiya Kubokunun və UEFA Çempionlar Liqasının qalibi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: