İspaniya çempionu “Barselona”nın baş məşqçisi Xavi Kataloniya klubu ilə müqaviləsinin uzadılmasına dair danışıqlar aparır.
Arena.az bu barədə “Mundo Deportivo”ya istinadən xəbər verir.
Mənbənin sözlərinə görə, danışıqların çətin məqamlarından biri, Xavinin öz köməkçilərinin məvacibinin artırılmasını istəməsidir. Lakin klub rəhbərliyi fərqli mövqedən çıxış edir. “Barselona” rəhbərliyi belə qənaətdədir ki, mütəxəssisin maaşı artırıldıqdan sonra Xavi özü maaşını köməkçiləri ilə bölüşməlidir.
Xavinin iyunun 30-na qədər müqavilə məsələsinin həll olunacağına əmin olduğu vurğulanır.
Xavi 2021-ci ildən “Barselona”nı çalışdırır. Mütəxəssisin klubla müqaviləsi 2024-cü ilə qədər nəzərdə tutulub.
43 yaşlı mütəxəssis 2022/2023 mövsümündə “Barselona”nı İspaniya çempionu edib.


