Kristof Qaltye irqçilik ittihamı ilə həbsə alındı

PSJ-nin baş məşqçisi Kristof Qaltye və oğlu Con Valoviç bu gün, iyunun 30-da Nitsada polis tərəfindən saxlanılıblar.

Arena.az bu barədə “Le Parisien” nəşrinə istinadən məlumat verir.

Ata və oğul 2021-ci ilin aprel ayında “Nitsa”nın idman direktoru Jülyen Furnye vasitəsilə ortaya çıxmış, ayrı-seçkilik və irqçi ifadələr işlətdikləri iddiasına dair hüquq-mühafizə orqanları tərəfindən dindirilir.

Bir qədər əvvəl Qaltye ittihamları rədd edərək, böhtana görə məhkəməyə müraciət etmişdi.

Daha əvvəl fransız çalışdırıcının PSJ-dən ayrılacağı bildirilirdi. 56 yaşlı mütəxəssis 2022-ci ilin yayında PSJ-nin sükanı arxasına keçib və parislilərlə Fransa çempionluğunu və superkubokunu qazanıb. Ancaq Çempionlar Liqasının 1/8 finalında “Bayern”ə məğlub olaraq PSJ-nin qarşısına qoyduğu əsas hədəfə çata bilməyib.