Bu ilin yanvar ayında İtaliyanın “Sassuolo” klubundan icarə əsasında “Qalatasaray”a keçmiş Kaan Ayhan İstanbul təmsilçisində qalacaq.
Arena.az xəbər verir ki, Türkiyə çempionu 28 yaşlı futbolçunun transfer hüquqlarını aldığını rəsmən açıqlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Qalatasaray” transfer üçün İtaliya klubuna 2,8 milyon avro təzminat ödəyib. Kaan Ayhanın özü ilə də 3 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Türkiyə çempionu bu oyunçunun yarım mövsümlük icarəsi üçün də 400 min avro ödəmişdi.
Kaan Ayhan geridə qalan mövsümdə “Qalatasaray”da cəmi 6 oyuna çıxıb, 1 qol vurub. Müdafiəçi bu komanda ilə Türkiyə çempionu olub.
Kaan 2020-ci ilin sentyabr ayında Almaniyanın “Fortuna” (Düsseldorf) klubundan 2,5 milyon avro qarşılığında “Sassuolo”ya transfer olunmuşdu. Mərkəz müdafiəçisi İtaliya klubunda 55 matça çıxıb və 2 qola imza atıb. Almaniyada dünyaya göz açmış futbolçu “Şalke”nin yetirməsidir. O, bu ölkədə “Şalke” və “Fortuna”dan başqa, “Ayntraxt” (Frankfurt) klubunun da uğurları üçün çalışıb. Almaniyanın U-16, U-17, U-18, Türkiyənin U-17 və U-21 yığmalarının formasını geyinmiş Kaan, 2016-cı ildən qardaş ölkənin əsas milli komandasında forma geyinir. O, “ay-ulduzlar”ın heyətində 51 matça çıxıb, 5 qol vurub.
Yeri gəlmişkən, “Qalatarasay” yarımmüdafiəçisi Xuan Mata ilə yollarını ayırdığını da rəsmən açıqlayıb. Təcrübəli futbolçunun ötən ayın sonunda bitən müqaviləsinin müddəti artırılmayıb.
Xuan Mata 2022-ci ilin yayında azad agent kimi “Qalatasaray”la müqavilə bağlamışdı. 35 yaşlı ispan İstanbul təmsilçisində 18 oyun keçirib, 3 qol və 2 məhsuldar ötürmə edib, bu komanda ilə Türkiyə çempionu olub.
Mata Madrid “Real”ının yetirməsidir. O, bu klubun əvəzedici komandasında oynasa da, əsas komandada forma geyinməyib. 2007-ci ildə “Valensiya”ya keçən yarımmüdafiəçi 2011-ci ildə İngiltərə Premyer Liqası komandalarından “Çelsi”yə, 2014-cü ildə isə “Mançester Yunayted”ə transfer edilib. O, İspaniya yığmasında da 41 oyun keçirib, 11 qol vurub.


