“Arsenal” İngiltərə yığmasının yarımmüdafiəçisi Deklan Raysı transfer etmək üçün “Vest Hem”lə razılığa gəlib.
Arena.az bu barədə “The Athletic”ə istinadən xəbər verir.
Mənbənin məlumatına görə, yaxın vaxtlarda Deklan Rays “topçular”ın sıralarına qoşulmazdan əvvəl, tibbi müayinədən keçəcək. Müqavilənin dəyəri təxminən 122 milyon avrodur.
Beləliklə, Deklan Rays “Arsenal” tarixinin ən bahalı transferi, həmçinin ən bahalı ingilis futbolçusu olacaq.
Geridə qalmış mövsümdə 24 yaşlı Deklan Rays “Vest Hem”in heyətində 50 oyuna çıxıb, 5 qol vurub, 4 məhsuldar ötürmə verib. O, “çəkicdöyənlər”lə Avropa Konfrans Liqasının qalibi olmaqla yanaşı, turnirin ən yaxşı oyunçusu seçilib.
“Transfermarkt” internet-portalı Deklan Raysı 90 milyon avro məbləğində qiymətləndirir.


