Futbol üzrə Türkiyə Super Liqasında yeni mövsümə hazırlaşan “Sivasspor” bu yay ilk transferini rəsmiləşdirib.
Arena.az xəbər verir ki, sözügedən klub Super Liqanın digər təmsilçisi “Kayserispor”dan ayrılan Emrah Başsanı heyətinə cəlb edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı cinah oyunçusu ilə 2 illik müqavilə imzalanıb.
Emrah Başsan 2021-ci ilin yayından “Kayserispor”un uğurları üçün çalışırdı. Türkiyəli sağ cinah vingeri bu komandanın heyətində meydana çıxdığı 66 oyunda 10 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha öncə “Antalyaspor, “Ərzurumspor”, “Pendikspor”, “Fortuna Sittard”, “Rizəspor”, “Vitoriya Setubal” və “Qalatasaray” kimi klublarda da forma geyinib. Təcrübəli yarımmüdafiəçi vaxtilə Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.
Yeri gəlmişkən, bu yay “Sivasspor”dan ayrılan Dimitrios Qutasın da yeni iş yeri müəyyənləşib. O, İngiltərənin “Kardiff Siti” klubuna transfer olunub. Hansı ki, bu komandaya bu yaydan etibarən türkiyəli mütəxəssis Erol Bulut baş məşqçilik edir.
Yunanıstan yığmasının üzvü 2021-ci ildən Sivas klubunda çıxış edirdi. 29 yaşlı mərkəz müdafiəçisi bu komandada 84 oyun keçirib, 5 qol və 3 assist müəllifi olub. O, daha öncə “Ksanti”, “Olimpiakos”, “Kortreyk”, “Sent Trüden”, “Lex” və “Atromitos” kimi klublarda da forma geyinib. Qutas Yunanıtan yığmasında 3 oyun keçirib.


