2023/2024 mövsümünə hazırlığı davam etdirən “Zirə” yay təlim-məşq toplanışı çərçivəsindəki bu gün ilk yoxlama oyununa çıxıb.
Arena.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda Premyer Liqanın digər təmsilçisi “Kəpəz”lə qarşılaşıb.
Zirə İdman Kompleksində baş tutan oyunda qapılara üç qol vurulub. Matçda hesabı ilk hissənin əvvəlində meydan sahibləri açıblar. Vladislav Kulaç penaltidən vurduğu qolla zirəliləri hesabda önə çıxarıb. İlk yarını məğlub başa vuran Gəncə təmsilçisi də ikinci hissənin əvvəlində məhz penalti qolu ilə hesaba tarazlıq gətirib. Junior Martins fərqlənib. Buna baxmayaraq, paytaxt klubu qələbə qolunu vurmağı bacarıb. Dimitrios Çantakias komandasının 2:1 hesablı qələbəsini rəsmiləşdirən qola imza atıb.
Xatırladaq ki, “Kəpəz” buna qədər artıq bir yoxlama oyunu keçirmişdi. Azər Məmmədovun rəhbərlik etdiyi Gəncə təmsilçisi iyulun 7-də “Səbail” ilə üz-üzə gəlmiş və həmin oyunda da 1:2 hesablı məğlubiyyətə üzülmüşdü.


