2023/2024-cü illər mövsümünə hazırlaşan “Qəbələ” Türkiyədə təşkil olunmuş təlim-məşq toplanışını davam etdirir.
Arena.az xəbər verir ki, “qırmızı-qaralar” Boluda gerçəkləşən hazırlıq prosesinin 4-cü gününü başa vurublar.
Elmar Baxşıyevin yetirmələri günü iki məşqlə yekunlaşdırıblar. Hər iki hazırlıq prosesi toplu və topsuz çalışmalardan ibarət olub.
Qeyd edək ki, “Qəbələ” sabah Boludakı hazırlıq prosesi çərçivəsində növbəti yoxlama oyununu keçirəcək. “Qırmızı-qaralar” toplanışın 5-ci günündə Rusiyanın “Orenburq” klubu ilə qarşılaşacaqlar. Matç “Fənərbaxça” Sərkan Acar Topuk Yaylası bazasında baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.
Rusiyanın eyniadlı şəhərini təmsil edən “Orenburq” klubunun əsası 1976-cı ildə qoyulub. Klubun sahibi “Qazprom” şirkətidir. Tarixi ərzində müxtəlif liqalarda çıxış edən komanda 2022-ci ildə Premyer Liqaya qayıdıb. Orenburqlular ötən mövsümü 7-ci yerdə başa vurublar.
Xatırladaq ki, Qəbələnin eyniadlı təmsilçisi Boluda keçirdiyi ilk sınaq matçında Moldova təmsilçisi “Sukleya”ya 4:2 hesabı ilə qalib gəlib.
Komandanın Türkiyə toplanışı iyulun 20-nə qədər davam edəcək.
Yoxlama oyunu
15 iyul
17:00. “Qəbələ” – “Orenburq” (Rusiya)
“Fənərbaxça” Sərkan Acar Topuk Yaylası bazası.


