“Real”ın baş məşqçisi Karlo Ançelotti “Kral klubu”nun ABŞ turu zamanı yeni oyun sistemini sınaqdan keçirməyi planlaşdırdığını bildirib.
Arena.az bu barədə ESPN-ə istinadən məlumat verir.
Ançelotti hazırlıq turu ərəfəsində fikirlərini paylaşıb: “Məşqçiliyə başlayanda dəqiq fikrim var idi və mən ixtiyarımda olan oyunçulara uyğunlaşmırdım. Mənim “Parma”da təcrübəm vardı, orada Bacco pleymeyker kimi oynamaq istəyirdi, mən isə sistemi dəyişmədim. O, başqa komandaya getdi. Mən isə yanıldım. Zidanla “Yuventus”da futbolçulara uyğunlaşmağın daha yaxşı olduğunu anlamağa başladım. Futbolçular özlərini rahat hiss etməlidirlər. Mən uyğunlaşdım və indiyə qədər də uyğunlaşıram.
Bu il biz, ola bilsin ki, başlqa sistemlə oynayacağıq. Oynadığımız sistem çox uğurlu oldu, amma biz yeni üslubu sınaya bilərik. Biz bunu tur zamanı sınayacağıq. Bu, cəhd etmək üçün yaxşı vaxtdır”, deyə Ançelotti bildirib.
Ançelotti, bir qayda olaraq, “Real”da 4-3-3 sxeminə üstünlük verirdi, amma Cud Bellingemin gəlişi ilə komandanın yarımmüdafiə xəttinin rombşəkilli düzülüşə keçəcəyi haqda fərziyyələr var.
“Bellingem digər yarımmüdafiəçilərimizdən fərqlidir. Onun bizimlə olmasına çox şadıq. O, “Real”ın səviyyəsini yüksəldir. O, çox çalışır, onun hər işi qaydasındadır və turda oynayacaq”, deyə Karlo Ançelotti əlavə edib.
Xatırladaq ki, “Real” ABŞ turu çərçivəsində iyulun 23-də “Milan”la, iyulun 26-da “Mançester Yunayted”lə, iyulun 29-da “Barselona” ilə və avqustun 2-də “Yuventus”la qarşılaşacaq. Madrid təmsilçisi İspaniya La Liqasının yeni mövsümünə isə avqustun 12-də keçirəcəyi “Atletik”lə səfər oyunu ilə start verəcək.


