“Rayo Valyekano”nun 28 yaşlı mərkəz müdafiəçisi Alexandro Katena La Liqanın digər təmsilçisi “Osasuna”ya keçib.
Arena.az xəbər verir ki, bu barədə ispan futbolçunun yeni klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Onunla 5 illik (2028-ci ilin 30 iyununa kimi) müqavilə imzalanıb. 2019-cu ildən “Rayo Valyekano”da çıxış edən Katena, “Reus”, “Marbella”, “Navalkarnero” və “Mostoles”də də forma geyinib.

“Real Sosyedad”ın hücumçusu Xorxe Aqirre də “Osasuna”ya keçib. Azad agent statusuna malik 23 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. “Real Sosyedad”ın yetirməsi olan gənc ispan futbolçu “Mirandes”də də forma geyinib.

“Vilyarreal”ın yarımmüdafiəçisi Con Qarsiya da “Osasuna”ya üz tutub. 20 yaşlı ispanla 3 illik müqavilə imzalanıb.

Yunanıstandan olan qapıçı Dimitrios Stamatakis isə Madrid “Atletiko”sundan azad agent kimi ayrılaraq “Osasuna”ya keçib. 20 yaşlı qolkiper yeni klubu ilə 2 illik müqavilə bağlayıb.

Gillem Molina isə “Sabadell”dən ayrılaraq “Osasuna” ilə müqavilə bağlayıb. 23 yaşlı mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

“Osasuna” daha bir gənc mərkəz müdafiəçisini – Nikolaos Miçelisi də heyətinə qatıb. 22 yaşlı futbolçu “Mirandes”dən icarəyə götürülüb. Yunanıstandan olan müdafiəçi qarşıdakı mövsümün sonuna kimi bu komandada çıxış edəcək.

Əvəzində “Osasuna”nın sağ cinah müdafiəçisi Dieqo Moreno da “Mirandes”ə keçib. 22 yaşlı ispan da qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. “Osasuna”nın digər futbolçusu İker Benito da icarə əsasında “Andorra”ya üz tutub. 20 yaşlı ispan vinger “Osasuna”nın öz yetirməsidir.

“Osasuna” ötən mövsüm “Leqanes”dən icarəyə götürdüyü Xose Arnaisi də birdəfəlik heyətinə qatıb. 28 yaşlı sol cinah vingeri ilə 2 illik müqavilə imzalanıb. O, daha öncə “Leqanes”, “Barselona”, “Valyadolid” və “Talavera”da da oynayıb.

“Osasuna” öz mərkəz müdafiəçisi Xorxe Herrando ilə də yeni müqavilə bağlayıb. 22 yaşlı futbolçunun 2027-ci ilə qədər komandada qalacağı açıqlanıb.



