Zamiq Əliyev “Kəpəz”i “Araz-Naxçıvan”a dəyişdi

Bu yay “Qarabağ”dan azad agent kimi ayrılaraq “Kəpəz”lə yeni müqavilə bağlayan müdafiəçi Zamiq Əliyev gözlənilməz qərar qəbul edib.

Arena.az xəbər verir ki, 22 yaşlı futbolçu Gəncə klubundan ayrılaraq Premyer Liqanın yeni iştirakçısı “Araz-Naxçıvan”la anlaşıb.

Bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb. Klubun rəsmi saytının yaydığı məlumata görə, onunla 1 illik müqavilə imzalanıb. Bu gün tibbi müayinədən keçən müdafiəçi komandanın Qəbələdəki toplanışına qoşulacaq.

Xatırladaq ki, Zamiq Əliyev ötən mövsümü “Kəpəz”də keçirib. Gəncə klubu onu “Qarabağ”dan icarəyə götürmüşdü. Bu yay o, Ağdam klubundan birdəfəlik ayrılaraq “Kəpəz”in tam hüquqlu üzvünə çevrilmişdi. Gəncə klubu Əliyevlə iyulun 5-də 1+1 2 illik müqavilə imzalandığı açıqlamışdı.

Müdafiəçi ötən mövsüm “Kəpəz”də 21 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb. 22 yaşlı futbolçu Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında da forma geyinib.

Xatırladaq ki, “Araz-Naxçıvan” daha öncə Nuno Rodriqes, Vanderson Kavalkante Melo, Semir Bukviç, Miça Kuzmanoviç, Numan Kurdiç kimi legionerləri heyətinə qatıb. Yerli futbolçulardan Turan Manafov, Nihat Qurbanlı, Nicat Süleymanov və Elçin Mustafayevi transfer edən Naxçıvan klubu “Sabah”dan da Abdulla Rzayevi icarəyə götürüb. Orxan Əliyev, Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev və Vadim Abdullayev isə yeni müqaviləyə imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: