Dest Xavinin planlarına daxil deyil – Müqaviləsinə xitam verilir

İspaniya çempionu “Barselona” komandanın amerikalı cinah müdafiəçisi Serjinyo Dest ilə bağlı qəti mövqe tutub.

Arena.az bu barədə jurnalist-insayder Xavi Migelə istinadən məlumat verir.

Kataloniya klubunun rəhbərliyi yaxın bir neçə həftə ərzində satış üzrə danışıqlarda uğurulu nəticə əldə edə bilməsə, Destlə müqaviləsini ləğv etməyi düşünür.

Xavinin məşqçilər qərargahının gələcək planlarında Destə yer olmadığı vurğulanır. Xavi amerikalı müdafiəçiyə “Barselona”nın cari ABŞ turu çərçivəsində etimad göstərsə də, Dest klub rəhbərliyinin və məşqçilər qərargahının diqqətini çəkə bilməyib.

Dest 2020-ci ilin payızında “Ayaks”dan 21 milyon avro müqabilində transfer edilib. Amerikalı müdafiəçinin bu klubla müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Dest ötən mövsümü icarə əsasında “Milan”da keçirib. Mövsümün sonunda isə “Milan” futbolçunun satınalma maddəsindən istifadə etməyib və Destin xidmətində maraqlı olmadığını açıqlayıb.

Geridə qalmış 2022/2023 mövsümündə Serjinyo Dest “Milan”ın heyətində 14 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 22 yaşlı Serjinyo Desti 10 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: