“Çelsi”nin belçikalı hücumçusu Romelu Lukaku “Yuventus”a mümkün transferi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Arena.az bu barədə “Goal” portalına istinadən məlumat verir.
“Xeyr, yox… Sövdənin həyata keçəcəyini düşünmürəm”, deyə Lukaku bildirib.
Daha əvvəl “İnter”in yeni kapitanı, argentinalı hücumçu Lautaro Martinesin, Lukakunun “Yuventus”a keçidinə dair mənzərədə belçikalı hücumçu ilə əlaqə saxlamağa çalışdığını, amma Lukakunun zənglərə cavab vermədiyi haqda məlumat verilmişdi. Lukaku eyni halı “İnter”in digər futbolçularına da yaşatmışdı.
Yaxınlarda “İnter”in baş məşqçisi Simone İnzaqi də Lukakunun “İnter”ə qayıdışının mümkünsüz olduğunu və onun xidmətində maraqlı olmadığını şəxsən açıqlamışdı.
Xatırladaq ki, “İnter”in Lukakunu “Çelsi”dən transfer etməyə çalışdığı bir məqamda belçikalı hücumçunun gizlincə “Yuventus”la danışıqlar apararaq, Turin klubuna keçmək istəyi haqda məlumat ortaya çıxmışdı. Hiddətlənmiş “İnter” rəhbərliyi dərhal Lukaku ilə əməkdaşlığına xitam verdiyini açıqlamışdı. “İnter” azarkeşləri isə belçikalı hücumçunu xəyanətkarlıqda ittiham ediblər. Lukaku isə öz mövqeyini “İnter”in baş məşqçisi Simone İnzaqinin həlledici oyunlarda ona etimad göstərməməsi ilə izah edib.
“Yuventus”a gəlincə, Turin nəhəngi Lukakunu heyətinə qatmaq üçün bir neçə transfer tələbini icra edərək, maliyyə feyr-pleyini təmin etməli, serb hücumçusu Duşan Vlahoviçlə vidalaşıb, daha sonra Lukakunu transfer etməlidir. Hazırda Turin klubu üçün bu məsələrin həlli zaman və digər baxımlardan imkansız görünür.
Lukakuya Səudiyyə Ərəbistanı klublarından da təkliflər var, amma belçikalı hücumçu Ərəbistanda çıxış etmək istəmir.
Geridə qalmış 2022/2023 mövsümündə Romelu Lukaku icarə əsasında çıxış etdiyi “İnter”in heyətində 37 oyununa çıxıb, 14 qol vurub və 7 məhsuldar ötürmə verib.
Lukakunun “Çelsi” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı 30 yaşlı Romelu Lukakunu 40 milyon avro məbləğində qiymətləndirir.


