Almaniyanın “Şalke” klubunun sağ cinah müdafiəçisi Mehmet Can Aydın bundan sonra “Trabzonspor”un uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Trabzon klubu 21 yaşlı futbolçunu satınalma şərti ilə qarşıdakı mövsümün sonuna kimi icarəyə götürüb. Türkiyə klubu bir mövsümlük icarə üçün “Şalke”yə 350 min avro ödəyib. Gələn yay klub bu oyunçunun transfer hüquqlarını da almaq istəsə, 1.4 milyon avrosundan keçməli olacaq.
Almaniyada dünyaya göz açmış Mehmet Can Aydın “Şalke”nin öz yetirməsidir. O, 2021-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. Müdafiəçi “Şalke”də 43 oyuna 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub. İndiyə qədər Almaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarda oynamış Mehmet Can Aydının bundan sonra Türkiyənin əsas millisinə dəvət alması gözlənilir.
Yeri gəlmişkən, “Trabzonspor”un bu yay heyətinə qatdığı xorvat futbolçu Mislav Orşiç əməliyyat olunub. Yay təlim-məşq toplanışı zamanı diz bağları qopan futbolçunun Xorvatiyadakı əməliyyatı uğurlu keçib. Amma onun dəqiq nə vaxt yaşıl meydanlara qayıdacağı bilinmir.
Xatırladaq ki, trabzonlular” Orşiçi bu yay “Sauthempton”dan transfer etmişdilər. O, Trabzon klubu ilə 2+1 illik müqaviləyə imza atıb. “Trabzonspor” bu transferə görə “Sauthempton”a 2,4 milyon avro ödəyəcək. Xorvatiyadan olan 30 yaşlı vingerin özü isə yeni klubunda mövsümünə 1,6 milyon avro qazanacaq. O, qarşıdakı iki mövsümdə Super Liqa çərçivəsində bütövlükdə 40 oyuna çıxsa, müqaviləsindəki əlavə bir illik anlaşma avtomatik qüvvəyə minəcək. Belə olan halda futbolçu 2025/2026 mövsümündə 1,8 milyon avro gəlir əldə edəcək.


