“Çelsi”nin yeni baş məşqçisi argentinalı Maurisio Poçettino PSJ-nin UEFA Çempionlar Liqasını niyə qazana bilmədiyini açıqlayıb.
Arena.az “The Guardian” nəşrinə istinadən Poçettinonun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Biz bu təcrübədən çox müsbət məqamlar əxz etdik. Bilirik ki, PSJ kimi kluba gələndə UEFA Çempionlar Liqasını qazanmaq lazımdır. Əgər yoxsa, davam etmək gərəkdir. Ümid edirəm ki, bu, dəyişəcək, çünki PSJ-nin ardıcıllığa layiq olduğunu düşünürəm. Böyük adları və oyunçuları cəlb etməkdən başqa heç nə yaratmasanız, qalib gələ bilməzsiniz. “Liverpul” çox yaxşı illərin zəhməti və ardıcıllığından sonra, “Mançester Siti” isə Qvardiola ilə yeddi ildən sonra qazandı, “Real” da həmçinin. Ümumiyyətlə, daha sabit olan klub qalib gəlir”, deyə Poçettino bildirib.
Xatırladaq ki, Maurisio Poçettino 2021/2022 mövsümündə PSJ-ni çalışdırıb. Paris nəhəngi son illərdə heyətinə çoxlu ulduz futbolçu cəlb etsə də, demək olar ki, hər il baş məşqçi dəyişir və bu, futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır.


