Adrian Mutu: “Rəqib güclü olanda səhvsiz oynamaq çətindir”

“Neftçi”nin baş məşqçisi Adrian Mutu Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Beşiktaş”a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, Türkiyə nəhəngi ilə Bakıdakı ilk qarşılaşma Azərbaycan təmsilçisinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Mutu matçdan sonrakı mətbuat konfransında əvvəlcə bunları söyləyib:

“Çətin oyun oldu. Sona qədər mübarizə aparmağa çalışdıq. Birinci hissədə “Beşiktaş” daha güclü idi, ikinci hissədə biz daha fəal oynadıq, qol imkanları yaratdıq. Bəxtimiz gətirsəydi, ikinci qolu da vurardıq. Buraxdığımız üçüncü qolu rəqibə hədiyyə etdik. Orada Ervin Koffinin səhvi oldu. Amma o, zədədən yeni qayıdıb. Rəqib güclü olanda oyunçuların səhvsiz oynaması çox çətindir. Bu axşam qolları analiz edəcəyəm. Müdafiədə boşluqlar verdik, rəqib də bundan yararlandı. Bunun üzərində işləyəcəyik”.

Mutu start heyət seçimində səhvə yol vermədiyini düşünür: “Start heyətində yanıldığımı deməzdim. Əlimizdəki oyunçularla çıxış etdik. Məsələn, Aaron Olanare dünən kollektivə qoşulub, hələ gücünün 30 faizində deyil. Təəssüf ki, Eddi İsrafilov, Ömər Buludov zədəli idilər. Kim daha yaxşı durumda idi, onlara da şans verdim. Yeni sağalan oyunçuları ikinci hissədə meydana buraxmağı planlaşdırırdım. Çünki ən yaxşı məşq oyundur. Oynayarkən fiziki durumun daha sürətlə yaxşılaşır. Amma onların yenidən zədələnmələrindən ehtiyatlanırdım. Zədələnməmələri bizi sevindirdi”.

Ötənlərin məşhur futbolçusu “Neftçi”nin bəzi oyunçularının hələ tam hazır olmadığını vurğulayıb: “Beşiktaş”la cavab görüşünə hələ bir həftə vaxt var. İndidən nəsə demək çətindir. Bu, qurmaq istədiyim heyətin hələ 30 faizidir. Yeni transferlər etməyə çalışırıq. Eyni zamanda heyətdəki oyunçuları yaxşı fiziki duruma çatdırmaq üzərində işləyirik. Qarşıdakı matçlarda seçimlərimizdə diqqətli olmalıyıq. Çünki üç gündən bir oynamaq zədə riskini artırır. Yüz faiz hazır olmadıqda zədə almaq ehtimalı daha da çoxalır. Bizim üçün İstanbuldakı oyun çox vacibdir. Ora yalnız qələbə qazanmaq üçün gedəcəyik”.

Adrrian Mutu komandasının ikinci hissədəki performansından məmnunluqla danışıb: “Birinci hissə emosiya dolu keçdi. “Beşiktaş”ın yox, yalnız “Neftçi” azarkeşlərinin səsini eşidirdim. İkinci hissədəki çıxışımızdan çox xoşum gəldi. Biz təkcə avrokubok yox, çempionat oyunlarını da düşünməliyik. Çünki qarşımızda böyük hədəflərimiz var”.

Şenol Günəş: “Neftçi”yə imkan verəndə…”

“Beşiktaş”ın baş məşqçisi Şenol Günəş isə Bakıda qazandıqları qələbəni belə şərh edib:

“Gözəl oyunla qələbə qazanmaq və evə üstünlüklə dönmək istəyirdik. Bunu da bacardıq. Həm oyuna hakim olduq, həm də istədiyimiz nəticəni əldə etdik. Mövsümün əvvəli olduğu üçün bəzi oyunçularımız formada deyil. Son 15 dəqiqədə oyun qopdu. Buraxdığımız qol “Neftçi”nin gücünü və əhvalını artırdı. Bizim üçün dərslər çıxarılacaq oyun oldu. “Neftçi”yə imkan verəndə yaxşı oynayacaq istedadlı futbolçuları var. Belə rəqibə qarşı mütləq ciddi yanaşmaq lazımdır. Gözəl atmosfer var idi. Arena “ağ-qara”ya bürünmüşdü. Gözəl mübarizə oldu”.

71 yaşlı mütəxəssis bir neçə ay əvvəl xeyriyyə matçında qarşılaşdıqları “Sabah”la “Neftçi”ni də müqayisə edib: “Sabah” da güclü heyətə malikdir. “Sabah”la qarşılaşdığımız zaman mövsümün sonları idi. İndi isə mövsümün əvvəlindəyik, oyunçular istənilən durumda deyillər. Bu, hər iki tərəf üçün keçərlidir”.

Xatırladaq ki, Azərbaycan və Türkiyə təmsilçiləri arasındakı cavab qarşılaşması bir həftə sonra – avqustun 17-də İstanbulda keçiriləcək. Həmin matça da Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Sonda onu da qeyd edək ki, bu cütün qalibi Avropa Konfrans Liqasının pley-offunda “Aris” (Yunanıstan) – “Dinamo” (Kiyev, Ukrayna) görüşünün güclüsü ilə üz-üzə gələcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: