Serci Roberto: “Neymar “Barselona”ya qayıtmağa şaddır”

“Barselona”nın müdafiəçisi Serci Roberto PSJ-nin braziliyalı hücumçusu Neymarın Kataloniya komandasına mümkün qayıdışından danışıb.

Arena.az “Barça Universal” portalına istinadən Serci Robertonun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Mən Neymarla danışmışam və o, görünür, “Barselona”ya qayıtmağa şaddır. Onun yenidən klubumuz üçün çıxış etməsini istəyirəm. Neymar görkəmli oyunçu, inanılmaz istedaddır. O, gələcəkmi? Bu, rəhbərlik və məşqçi tərəfindən həll edilməlidir”, deyə Serci Roberto vurğulayıb.

Xatırladaq ki, Neymar 2013-2017-ci illərdə “Barselona”da çıxış edib. Braziliyalı ulduzun PSJ-yə keçidi futbol tarixinin ən bahalı transferi olaraq qalır. O zaman Fransa nəhəngi Neymarı heyətinə qatmaq üçün 222 milyon avro xərc çəkmişdi.

Geridə qalmış 2022/2023 mövsümündə Neymar mütəmadi olaraq zədələrdən əziyyət çəkməsinə rəğmən, PSJ-nin heyətində 29 oyuna çıxıb. O, 18 qol vurub, 17 məhsuldar ötürmə verib və parislilərlə Fransa çempionluğunu qazanıb.

Neymarın PSJ ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı 31 yaşlı Neymarı 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: