Türkiyənin “Fənərbaxça” klubu heyətini iki yeni futbolçu – sağ vingeri Cengiz Ündər və yarımmüdafiəçi Fredlə gücləndirib.
Arena.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
Fred İngiltərənin “Mançester Yunayted”, Cengiz isə Fransanın “Olimpik” (Marsel) klubundan Türkiyə nəhənginə keçib.
“Fənərbaxça”ya 15 milyon avro qarşılığında transfer olan Ündər yeni klubu ilə 4 illik müqavilə bağlayıb. 26 yaşlı türk futbolçu İstanbul təmsilçisində 20 nömrəli formanı geyinəcək.
Fredin transferi isə 9,74 milyon avroya başa gəlib. 30 yaşlı yarımmüdafiəçi 4+1 illik müqaviləyə imza atıb. O, yeni klubunda 35 nömrəli formanı geyinəcək.
Fred Braziliyanın “İnternasional” klubunun yetirməsidir. O, 2013-cü ildə 15 milyon avro qarşılığında Ukraynanın “Şaxtyor” klubuna keçmiş, 2018-ci ildə məhz Donetsk təmsilçisindən 59 milyon avroya “Mançester Yunayted”ə transfer edilmişdi. Təcrübəli futbolçu “qırmızı şeytanlar”ın heyətində 213 oyuna çıxıb, 14 qol və 19 məhsuldar ötürmə müəllifi olub. Fred Braziliya yığmasında da 32 oyun keçirib.
Cengiz Ündər isə Marsel “Olimpik”inə 2022-ci ilin yayında İtaliyanın “Roma” klubundan keçmişdi. Fransa klubu həmin vaxt onun transferi üçün 8,4 milyon avro ödəmişdi. Türkiyə millisinin üzvü daha öncə icarədə də oynadığı Liqa 1 təmsilçisində bütövlükdə 93 matça çıxıb, 18 qol və 12 məhsuldar ötürmə müəllifi olub. O, “Roma”, “Lester Siti”, “Başakşəhər” və “Altınordu” klublarının da formasını geyinib. Cengiz Türkiyə millisində də 49 oyuna çıxıb, 16 qol vurub.
“Olimpik” sol cinah vingeri Konrad de la Fuenteni də İspaniyanın “Eybar” klubuna icarəyə verib. 22 yaşlı amerikalı futbolçu ötən mövsümü də “Olimpiakos”da icarədə keçirib. “Barselona”nın yetirməsi Marsel klubunun əsas komandasında 23 oyun keçirib, 1 qol və 3 assistlə yadda qalıb. O, ABŞ yığmasında da 3 oyuna çıxıb.
Yeri gəlmişkən, Fredi satan “Mançester Yunayted” gənc mərkəz müdafiəçisi Di’Şon Bernardla da yollarını ayırıb. 22 yaşlı futbolçu “Şeffild Uensdey”ə keçib. Yamayka yığmasının da üzvü olan futbolçu “qırmızı şeytanlar”ın əsas komandasında cəmi 1 oyun keçirib.


