Romelu Lukaku rəsmən “Roma”da!

Futbol üzrə Belçika milli komandasının və İngiltərənin “Çelsi” klubunun hücumçusu Romelu Lukaku “Roma”ya keçib.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubların rəsmi saytları məlumat yayıb.

İtaliya klubu təcrübəli forvardı bu mövsümün sonuna kimi icarəyə götürüb. “Canavarlar” bir mövsümlük icarə üçün “Çelsi”yə 5,8 milyon avro ödəyib.

Romelu Lukaku ötən mövsümü İtaliyanın digər klubu “İnter”də icarədə keçirib. O, “Çelsi”dən başqa “Anderlext”, “Vest Bromviç”, “Everton”, “Mançester Yunayted” kimi klublarda da forma geyinib. Lukaku Belçika yığmasında 108 oyuna 75 qol vurub.

“Çelsi” bu yay Braziliya “Santos”undan 15 milyon avroya aldığı Anxelonu da Fransanın “Strasburq” klubuna icarəyə verib. 18 yaşlı braziliyalı mövsümün sonuna kimi icarədə olacaq. Karyerası ərzində yalnız “Santos”un formasını geyinmiş gənc futbolçu Braziliyanın U-20 yığmasına da dəvət alır.

“Strasburq” “Bordo”nun sol cinah vingeri Dilan Bakva və mərkəz müdafiəçisi Junior Mvanqanı da transfer edib. Onların hər ikisi üçün ayrı-ayrılıqda 10 milyon avro (bütövlükdə 20 milyon) ödənilib. Həm 21 yaşlı Bakva, həm də 20 yaşlı Mvanqa yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.

“Sent Etyen”in gənc müdafiəçisi Saidu Sov da “Strasburq”a keçib. Liqa 1 təmsilçisi 21 yaşlı futbolçunun transferi üçün 3 milyon avro ödəyib. Onunla 5 illik müqavilə imzalanıb.

“Strasburq”un hücumçusu Həbib Diallo isə Səudiyyə Ərəbistanının “Əl-Şabab” klubuna keçib. Fransa klubu onun satışından 18 milyon avro qazanıb. Seneqaldan olan 28 yaşlı forvardla imzalanmış müqavilənin müddəti açıqlanmayıb. “Mets” və “Brest”də də oynamış Diallo Seneqal yığmasında 18 oyuna 4 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: